ABŞ ordusu İrandan qaynaqlanan ciddi təhlükəsizlik narahatlıqları fonunda Böyük Britaniyadakı "RAF Mildenhall" aviabazasından hərbi təyyarələrini köçürməyə başlayıb.

"Real Azərbaycan" xəbər verir ki, bu barədə nüfuzlu "The Wall Street Journal" (WSJ) nəşri məlumat yayıb.

Məlumata görə, səhər saatlarında "RAF Mildenhall" aviabazasında yerləşən ABŞ-yə məxsus iki xüsusi yanacaqdoldurma təyyarəsi təcili olaraq Almaniyaya göndərilib.

Dərhal sonra bazadakı bir neçə digər yanacaqdoldurma təyyarəsi də Almaniyadakı və digər ölkələrdəki təhlükəsiz məntəqələrə dislokasiya olunub.

Nəşrin mənbələri bildirir ki, "RAF Mildenhall" aviabazasına qarşı yarana biləcək təhlükənin dəqiq xarakteri və miqyası hazırda ABŞ-nin yüksəkrütbəli hərbi rəsmiləri arasında qapalı şəraitdə müzakirə olunur.

Qeyd edək ki, bu gözlənilməz addım ABŞ-nin Britaniyadakı digər strateji "RAF Fairford" aviabazasından ağır bombardmançı təyyarələrini çıxarmasından cəmi bir neçə həftə sonraya təsadüf edir. Həmin vaxt da qərarın birbaşa İranla əlaqəli olduğu iddia edilən məxfi təhlükəsizlik insidentlərindən sonra verildiyi bildirilmişdi.