Paytaxtın Səbail rayonunda gecə saatlarında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Yaşayış evlərinin yaxınlığında ağır texnikaların gecə yarısına qədər, hətta səhər saatlarınadək işlədiyini bildirən sakinlər aidiyyəti qurumlardan açıqlama və müdaxilə tələb edirlər.
“Real Azərbaycan”a müraciət edən Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv, 34-cü küçə ilə 33-cü küçənin 25-ci küçə adlanan əraziyə yaxın hissəsində yaşayan sakinlərin sözlərinə görə, onlar həmin ərazidə 25-30 ildir yaşayırlar. Lakin son üç gündə başlayan işlər onların gündəlik həyatını dözülməz hala gətirib.
Sakinlər iddia edirlər ki, gecə saat 22:00-dan başlayaraq səhərədək ərazidə ağır texnikalar işləyir, torpaq qazılır və beton tökülür. Səs-küy səbəbindən gecələr istirahət edə bilmədiklərini deyən vətəndaşlar arasında yaşlı insanların və azyaşlı uşaqların da olduğunu vurğulayırlar.
“İşdən gəlirik, dincəlməyə imkanımız yoxdur!”
Sakinlərin sözlərinə görə, gündüz işdə olan insanlar axşam evlərinə qayıtdıqdan sonra dincəlmək əvəzinə gecə boyu ağır texnikaların səsinə məruz qalırlar.
“Biz burada 25-30 ildir yaşayırıq. Bu ərazidə xeyli sayda fərdi yaşayış evi var. Üç gecədir normal istirahət edə bilmirik. Gecə saat 10-dan səhərə qədər texnikalar işləyir, torpaq qazılır, beton tökülür. Yaşlılarımız, azyaşlı uşaqlarımız var. Bizim də yaşamağa, dincəlməyə haqqımız var. Bu səs-küyə nə vaxta qədər dözməliyik?” – deyə sakinlər narazılıqlarını ifadə ediblər.
Onların sözlərinə görə, əraziyə “Azərişıq”ın adının əks olunduğu plakat da gətirilərək vurulub. Plakatda burada yarımstansiyanın tikildiyi qeyd olunsa da, sakinlər layihənin mahiyyəti, tikinti işlərinin qanuniliyi və gecə saatlarında aparılmasının səbəbləri barədə onlara rəsmi məlumat verilmədiyini bildirirlər.
Jurnalistlər gələndə texnikalar dayanır?
Sakinlər iddia edirlər ki, jurnalistlər əraziyə gəlib vətəndaşlarla söhbət edərkən texnikalar saxlanılır, işçilər isə ərazidən uzaqlaşırlar.
Vətəndaşlar “Azərişıq” ASC-nin və rayon İcra Hakimiyyətinin nümayəndələrinin əraziyə gələrək görülən işlərlə bağlı ictimaiyyətə ətraflı məlumat verməsini istəyirlər.
Sakinlər arasında həmin ərazidə yaşayış binalarının, o cümlədən apartman tipli tikililərin inşa edilə biləcəyi barədə də narahatlıq mövcuddur. Lakin ərazidə hansı layihənin həyata keçirildiyi və tikinti işlərinin konkret məqsədi hələlik sakinlərə aydın deyil.
Sakinlər tələb edir: gecə işləri dayandırılsın, layihəyə aydınlıq gətirilsin!
Ərazidə yaşayan vətəndaşlar hesab edirlər ki, hər hansı tikinti və ya infrastruktur layihəsi həyata keçirilərkən insanların rahatlığı, təhlükəsizliyi və qanuni hüquqları nəzərə alınmalıdır.
Onlar gecə saatlarında səs-küylü işlərin aparılmasına son qoyulmasını, ərazidə görülən işlərin qanuniliyinin araşdırılmasını və məsul qurumların məsələ ilə bağlı rəsmi açıqlama verməsini tələb edirlər.
“Biz burada yaşamaq istəyirik. Gecə-gündüz səs-küy içində qala bilmərik. Burada nə tikildiyini, bu işlərə kimin icazə verdiyini bilmək istəyirik. Bizim yaşayışımızı məhv etməsinlər!” – deyə sakinlər aidiyyəti qurumlara çağırış ediblər.
Qeyd edək ki, məsələ ilə bağlı “Azərişıq” ASC-nin və Səbail Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənmək vacibdir. Tikinti işlərinin qanuniliyi və gecə saatlarında aparılması ilə bağlı iddialara aidiyyəti qurumların rəsmi münasibəti məlum olduqdan sonra əlavə məlumat təqdim edilə bilər.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.