Baku Electronics-dən aldığı qabyuyan maşının elektrik cərəyanı yaydığını iddia edən müştəri şirkətin məsələyə laqeyd yanaşmasından narazıdır.

“Real Azərbaycan” xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi Nəriman Hacızadə “Müştəriyəm, Şikayətim Var” qrupunda paylaşım edib.

Şikayətçinin sözlərinə görə, şirkətə dəfələrlə müraciət etsə də, problemin həlli istiqamətində real addım atılmayıb. İddia olunur ki, şirkət problemin mənzildə torpaqlamanın olmaması ilə bağlı olduğunu bildirərək məsuliyyəti müştərinin üzərinə qoyur.

Nəriman Hacızadə isə iki fərqli elektrik ustası çağırdığını, hər iki mütəxəssisin yoxlamadan sonra problemin mənzilin elektrik sistemində deyil, qabyuyan maşının daxili hissələrində ola biləcəyini söylədiyini qeyd edib.

“15 günə gəlib quraşdırmışdılar, artıq 10 gündür tok vurur. 1340 manat ödəniş etmişəm, amma hələ bir dəfə də olsun cihazı rahatlıqla işlədə bilməmişik. İlk dəfə idi ki, bu şirkətdən nəsə alırdım, çox peşman oldum. Baha qiymətə keyfiyyətsiz məhsul satmaq, üstəlik, məsuliyyəti üzərinə götürməyərək problemi müştərinin üzərinə atmaq hansı vicdana sığır?” – deyə şikayətçi bildirib.

O, məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də müraciət etdiyini vurğulayıb.

Şikayətçi problemin insan sağlamlığı və təhlükəsizliyi ilə bağlı olduğunu qeyd edərək, hüquq-mühafizə orqanlarına müraciət etməyin faydalı olub-olmayacağı barədə də məsləhət istəyib.

Qeyd: Elektrik cərəyanı vurması riski yaradan məişət cihazının istifadəsi təhlükəlidir.

Qarşı tərəfindin möveyini dərc etməyə hazırıq