“Real Azərbaycan” xəbər verir ki, bu gün Binəqədi şossesi üzərində yerləşən Bazarstore mağazasından uşaq üçün qida məhsulu alan Elnur Hüseynzadə məhsulun son istifadə tarixinin keçdiyini iddia edib.
O, bu barədə “Facebook” sosial şəbəkəsində fəaliyyət göstərən “Müştəriyəm, Şikayətim Var” qrupunda paylaşım edib.
Şikayətçinin sözlərinə görə, mağazadan uşaq üçün qida məhsulu alıb və evə gəldikdən sonra məhsulun son istifadə tarixinin keçdiyini görüb.
Elnur Hüseynzadə bildirib ki, söhbət uşaq qidasından getdiyi üçün məsələ xüsusilə ciddi yanaşma tələb edir. Onun sözlərinə görə, belə bir məhsulun son istifadə tarixi keçmiş vəziyyətdə satışa çıxarılması qəbuledilməzdir.
Şikayətçi mağazada məhsulların son istifadə tarixlərinə nəzarətin necə aparıldığını sual edib və Bazarstore-dan məsələyə aydınlıq gətirməsini tələb edib.
O, həmin məhsulun nə üçün satışda olduğunu izah etməyi və məsul şəxslərlə bağlı tədbir görülməsini istəyib.
“Uşaq qidasında belə səhlənkarlığa yol verilməsi ciddi məsələdir. Məsələyə laqeyd yanaşılacağı təqdirdə aidiyyəti qurumlara rəsmi şəkildə müraciət edəcəyəm”, – deyə Elnur Hüseynzadə qeyd edib.
Şikayətçi Bazarstore-dan məsələ ilə bağlı rəsmi cavab gözlədiyini bildirib.
“Real Azərbaycan” qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.