Hüquq müdafiəçisi Samir Zeynalov TikTok-da "Beniz" ləqəbi ilə tanınan Aybəniz Xəlilovanın işi ilə bağlı Bakı Apellyasiya Məhkəməsində keçirilən ilkin prosesdə baş verən müəmmalı hallardan və səsləndirilən ağır iddialardan danışıb.
H akim Emin Mehdiyevin sədrliyi ilə baş tutan ilkin məhkəmə iclasında gözlənilməz və narahatedici hallar yaşanıb. Məhkəmə tərkibinin, xüsusilə də iş üzrə icraata sədrlik edən hakim Emin Mehdiyevin işin detalları və materialları ilə tanış olmadığını bildirən hüquq müdafiəçisi vurğulayıb ki, bu, məhkəmənin qərəzsizliyinə şübhələr yaradır. Eyni zamanda, müəmmalı şəkildə Aybəniz Xəlilovanın adından tərtib edilmiş 14 səhifəlik apellyasiya şikayətinin iş materiallarına əlavə olunaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilmədiyi iddia edilib.
Prosesdə Aybəniz Xəlilovanın hər üç vəkili iştirak edib. Vəkillər məhkəmənin diqqətinə çatdırıblar ki, sözügedən cinayət işi tamamilə qondarma və qurama xarakter daşıyır, ittihamlar isə rüşvətxorluq əsasında qurulub. Hüquq müdafiəçisi qeyd edib ki, 18 aydan artıqdır ailəsindən, övladından ayrı düşən günahsız bir qadın məhbəs həyatı yaşayır və onun azadlığa qovuşması üçün mübarizə sonadək davam etdiriləcək.
Müraciətdə həmçinin işin istintaq dövrünə və digər məmurların fəaliyyətinə də toxunulub. Bildirilib ki, vəzifəsindən uzaqlaşdırılan Nizami Məhərrəmovun adı bu işdə əsas fiqurlardan biridir. Lakin məhkəmə instansiyaları bu faktlara və mövcud reallıqlara lazımi hüquqi qiymət verməyərək günahsız qadına 10 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsiblər.
Sonda hüquq müdafiəçisi ümidvar olduğunu bildirib ki, Bakı Apellyasiya Məhkəməsi insan hüquqları və ləyaqəti adına ləkə olan bu ədalətsizliyi aradan qaldıracaq və qərara yenidən baxılacaq.
Xatırladaq ki, daha əvvəl məhkəmə hökmü ilə Xəyalə Xəlilova 10 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hazırda iş üzrə apellyasiya baxışı davam edir./nocomment
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.