Gəncədə dönərxanalara toyuq əti hazırlayan qanunsuz sex aşkarlanıb. Yoxlama zamanı obyektin antisanitar şəraitdə fəaliyyət göstərdiyi və ət məhsullarının müəyyən edilmiş tələblərə əməl edilmədən hazırlandığı üzə çıxıb.

"Real Azərbaycan" xəbər verir ki, Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

AQTA-nın Gəncə-Daşkəsən regional bölməsi tərəfindən Gəncə şəhəri, Əli Məmmədov küçəsi, ev 1 ünvanında vətəndaş Mustafayev Telman Şükür oğluna məxsus fərdi yaşayış evində keçirilən yoxlama zamanı qanunsuz toyuq emalı sexi aşkarlanıb.

Müəyyən edilib ki, obyektdə baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına əməl edilmədən toyuq ətləri sümükdən ayrılaraq dönərxanalara satışa çıxarılıb. Donmuş toyuqların açıq havada donunun açıldığı, məhsulların baytarlıq ekspertizasından keçirilmədiyi, etiketlənmədən və markalanmadan dönərxanalara paylandığı müəyyən olunub.

Bundan başqa, ət məhsullarının şəxsi nəqliyyat vasitəsi ilə temperatur rejiminə riayət edilmədən daşındığı məlum olub.

Obyektdən götürülən ət nümunələri laborator müayinələrə göndərilib. 840 kiloqram donmuş və 22 kiloqram donu açılmış toyuq əti isə saxlanca qoyulub.

Faktla bağlı inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib və obyektin fəaliyyəti dayandırılıb.