Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatı

Sentyabrın 22-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusunda IV Bakı Təhlükəsizlik Forumu (BTF) keçirilib.

Tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forum iştirakçılarına müraciəti oxunub, ardınca konfransın mövzusu ilə bağlı videomaterial nümayiş etdirilib.

İclasda çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan və ildən-ilə əhatəsi genişlənən forumun iştirakçılarını növbəti dəfə Bakı şəhərində salamlamaqdan məmnunluğunu bildirib.