“Real Azərbaycan”a müraciət edən Gülxar Novruzlu münasibətdə olduğu şəxs tərəfindən təhdid olunduğunu bildirir.
Gülxar Novruzlunun sözlərinə görə, Dubayda avtomobil alveri ilə məşğul olan Seyid Hüseyn onunla münasibətə son qoyduğu üçün onu təhdid edir. O, həmçinin sosial şəbəkə hesablarında ona məxsus fotoların paylaşılaraq barəsində insan alveri ilə bağlı ittihamların səsləndirildiyini deyir.
“Deyir ki, sən insan alveri ilə məşğulsan, səni tutduracağam. Mənə qarşı şər-böhtan atılır. Bu paylaşımlara görə ailə üzvlərim və yaxınlarım çox narahatdır, ciddi stress keçirirlər. Artıq çıxılmaz vəziyyətdəyəm və məcbur qalıb mediaya üz tutdum”, – deyə Gülxar Novruzlu bildirib.
Onun sözlərinə görə, məsələ ilə bağlı artıq şifahi şəkildə şikayət edib. Gülxar Novruzlu Daxili İşlər Nazirliyinə və digər hüquq-mühafizə orqanlarına rəsmi müraciət edəcəyini bildirir.
“Həyatım təhlükə altındadır. Xahiş edirəm, hüquq-mühafizə orqanları mənə yardım etsin, müraciətimə diqqətlə yanaşılsın və təhlükəsizliyimin təmin olunması üçün lazımi tədbirlər görülsün. Çarəsiz qaldığım üçün media vasitəsilə də kömək istəyirəm”, – deyə Gülxar Novruzlu qeyd edib.
Gülxar Novruzlu aidiyyəti qurumlardan məsələnin araşdırılmasını və ona hüquqi yardım göstərilməsini xahiş edir.
Yazıda adı çəkilən Seyid Hüseynin də mövqeyini dərc etməyə hazırıq.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.