Azərbaycan istehsalı olan "Xankəndi Xindoqnı" markalı qırmızı şərabın şüşəsindən çıxarılan tıxacın üzərində "Armenian Wine" (Erməni şərabı) yazısı əks olunub.

"Real Azərbaycan" xəbər verir ki, "Gold Alko" MMC-nin təsisçisi və direktoru Mirdamət Mahmudov sözügedən şərabların Xocalı şəhərindəki keçmiş "Girs" şərab zavodunun istehsalı olduğunu bildirib:

"Qarabağda qalmış məhsullar səlahiyyətli qurumlarla müvafiq müqavilələr əsasında, rəsmi qaydada şirkətə təhvil verilib".

M.Mahmudovun sözlərinə görə, həmin zavodda ümumilikdə 340 min etiketsiz butulkada şərab qalmışdı. Məhsullar müharibə zamanı ərazidən çıxarıla bilməyib və zavodun anbarlarında saxlanılıb.

Onun sözlərinə görə, Xankəndidən altı növ üzüm şərabı gətirilib və məhsulların hər biri fərqli etiketlərlə satışa çıxarılıb.

Mahmudov bildirib ki, "Xankəndi Xindoqnı" adındakı "Xindoqnı" üzüm sortunun adıdır. O, şirkətin Qaradağ rayonunda şərab zavodunun fəaliyyət göstərdiyini, məhsulların satışa çıxarılması prosesinin qanuni əsaslarla həyata keçirildiyini vurğulayıb.