ABŞ Federal Təhqiqat Bürosu (FTB - FBI) Azərbaycan əsilli Ceyhun Aslanovun axtarışa verilməsi ilə bağlı rəsmi məlumat yayımlayıb.

“Real Azərbaycan” xəbər verir ki, FTB onun tapılmasına kömək edəcək məlumat üçün 75 min ABŞ dolları məbləğində mükafat təyin edib.

C.Aslanov ABŞ-yə qarşı dələduzluq məqsədilə sui-qəsd, elektron və bank dələduzluğu üzrə sui-qəsd, eləcə də 6 ağırlaşdırılmış şəxsiyyət oğurluğu ittihamı və cinayətdə yardımçılıqda təqsirləndirilir.

FBI-ın hesabatında bildirilir ki, Aslanov "Internet Research Agency" (IRA) təşkilatının ABŞ-yə yönəlmiş fəaliyyətində "Translator Project" layihəsinin rəhbəri olub. Onun sosial media əməliyyatları vasitəsilə çoxsaylı ABŞ vətəndaşına təsir göstərmək və ölkənin siyasi sisteminə, o cümlədən 2016-cı il prezident seçkilərinə müdaxilə etmək məqsədi daşıyan fəaliyyətlərdə iştirak etdiyi iddia olunur.

Bundan əlavə, Ceyhun Aslanov ABŞ maliyyə institutlarında saxta adlarla hesablar açmaqda, IRA əməliyyatlarını maliyyələşdirmək üçün vəsaitlərin ölkəyə daxil edilməsi və çıxarılmasını təşkil etməkdə, həmçinin amerikalıların şəxsi məlumatlarından istifadə edərək bank və "PayPal" hesabları açmaqda ittiham edilir.