“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) rəhbəri Anar Rzayev Şəmsəddin Hacıyevin rektorluğu dövründə Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru olub. Kimlərinsə vasitəsilə AYNA-ya rəhbər qoyulub, ölkənin nəqliyyat sistemini bu vəziyyətə gətirib çıxarıb".

"Real Azərbaycan" xəbər verir ki, bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

O əlavə edib: "Azərbaycan nəqliyyat sistemində hazırkı vəziyyəti yaradan qurumun rəhbərliyidir. Bilmirəm, kimin adamıdırsa, xəbərdarlıq etsin. Bu gün AYNA adlı quruma nə ehtiyac var?! AYNA-nı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi idarə etməlidir. AYNA dövlət büdcəsinə bir qəpik pul köçürmür, bəlkə, kimlərinsə cibinə köçürür, bunu deyə bilmərəm, amma bu qurumda şəffaflıq yoxdur. Deyirlər ki, AYNA-nın işçilərinin maaşı artırılmalıdır, yaxşı, AYNA-ya borcumuz var ki, xalq işləsin, qurumun işçilərinin maaşı qalxsın? AYNA təcili ləğv edilməli, başında dayanan da həbs olunmalıdır! AYNA yox idi, hər şey yaxşı, camaat rahat, bu qədə cərimə yox idi...”

Partiya sədri bildirib ki, AYNA xalqı dövlətin, dövlət başçısının üzərinə qaldırmaq üçün qurulmuş bir qurumdur:

“Bu qurumda işləyənlərin əksəriyyətini araşdırmışıq. Hamısı ordan-burdan qovulan insanlardır. Biz neçə illər Azərbaycanın müstəqilliyinin qorunması üçün öz həyatımızdan, canımızdan keçmişik. Üzərimizə nə qədər böhtanlar, şərlər atıblar. Dövləti müdafiə etdiyimizə görə AYNA kimi qurumların incitdiyi insanlar bizi hər şeyə təhrik ediblər. AYNA-nın bu gün camaatın evinin qarşısında xətt çəkməsi insanları qıcıqlandırmaq deməkdir. Hesablansın, görək, bu AYNA-dan neçə manat dövlət büdcəsinə köçüb? Bundan başqa, insanlar nə qədər tıxacda qalır?! Bakı batıb, tərpənmək olmur. Artıq şəhərdə maşın sürmürük, haraya gedirəmsə, piyada gedirəm. Piyada getmək daha asandır.

AYNA insanların evində ayaqyoluna da xətt çəksin ki, bu saatda gir, ya girmə. Partiya sədriyəm, hər gün qəbulumuza yüzlərlə adam gəlib deyir ki, ay partiya sədrləri, siz də bu dövləti dəfələrlə təbliğ edirsiniz. Biz isə deyirik ki, dövlət başçısı nə etməlidir? Neçə illərdir, AYNA-ya yığılan pullar təcili hesablanmalı, görək, Azərbaycan xalqından bu günə qədər yığılan pullar hara gedib? Millət od püskürür, qarşısını zorla alırıq. Bakı şəhər təşkilatlarından hər gün xahiş edirik, camaatın arasında, metrolarda, avtobuslarda olsunlar, insanlara başa salsınlar ki, müvəqqəti çətinlikdir. AYNA-nın hərəkətləri xalqı cana-boğaza yığıb. Lazımsız qurumdur. Normal sistem qurulmalı, tıxaclar kəsilməlidir. Şəhərdə velosiped sürən varmı ki, velosiped zolağı çəkirsən? O zolaqdan bir nəfər adam gedirmi? Getmir! Bir saatdanbir avtobus gəlir. Velosiped yolu isə boşdur. Kimisə varlandırmaqdan ötrü bu milləti dövlətin üzərinə qaldırmağa dəyməz.

30 il sonra Azərbaycan müstəqilliyini bu səviyyəyə çatdırıb. Bundan sonra kimlərinsə xatirinə biz bu dövləti xalqın arasında nüfuzdan sala bilmərik. Kimsə mağaza açır, bu mağazanın qarşısında maşın dayana bilməlidir ki, adam özünə su alsın. Aptekin qarşısında maşın saxlayıb dərman almaq olmur. AYNA buna imkan vermir. AYNA ləğv edilsə, bəlkə, xalqın bir az hirsi soyuyar ki, haqq-ədalət öz yerini tutdu. Əminəm ki, bizim bu çağırışımızı ölkə başçısı eşidəcək”.