Bakı–Qazax avtomobil yolunun Hacıqabul istiqamətində yerləşən “QƏDİR XUM” adlı yolkənarı restoranla bağlı narazılıq səsləndirilib. Özünü halal restoran kimi təqdim edən obyektin yeməklərinin keyfiyyəti və hazırlanmasında istifadə olunan yağlarla bağlı iddialar gündəmə gəlib.
“Real Azərbaycan” xəbər verir ki, bu barədə Elman Mustafazadə özünün “Facebook” hesabında paylaşım edib.
O bildirib ki, Azərbaycanda olduğu müddətdə qürbətçi dostları ilə dəfələrlə həmin restoranda yemək yeyiblər. Lakin hər dəfə yeməkdən sonra mədə-bağırsaq problemləri ilə üzləşdiklərini, hətta onların bəzilərinin bir neçə gün yataq xəstəsi olduğunu qeyd edib.
Elman Mustafazadənin sözlərinə görə, nəhayət, bir gün xidmətçilərlə apardığı söhbət zamanı yeməklərin kərə yağı ilə hazırlandığı barədə deyilənlərin həqiqəti əks etdirmədiyini öyrənib. Onun iddiasına görə, restoranda kərə yağı əvəzinə palma və digər ucuz yağlardan istifadə olunur, hətta mətbəxdə zeytun yağı belə yoxdur.
Müəllif hesab edir ki, bu cür hallar təkcə müştərilərin aldadılması deyil, həm də insanların sağlamlığına qarşı məsuliyyətsiz münasibətdir.
Paylaşımında yerli sakinlərin bu cür yeməklərdən sonra niyə narahatlıq yaşamadığına da toxunan Elman Mustafazadə bunu ironik şəkildə belə izah edib: ölkədə təmiz kərə yağı tapmaq onsuz da müşkülə çevrilib, qalıb ki, yolkənarı restoranda tapılsın. Onun fikrincə, vətəndaşların orqanizmi artıq keyfiyyətsiz və saxta ərzaqlara öyrəşib.
O, Qarabağa səfər edən qürbətçi dostlarına imkan daxilində yeməklərini Bərdə, Gəncə, Şuşa, Xankəndi və Laçında yeməyi tövsiyə edib.
Elman Mustafazadə həmçinin bildirib ki, restoranların qarşısında iri hərflərlə “HALAL XÖRƏKLƏR” yazılması həmin məkanın keyfiyyətinə və sağlamlıq standartlarına zəmanət vermir. Onun sözlərinə görə, müştərilər yeməklərin hansı məhsullardan və necə hazırlandığı ilə maraqlanmalıdırlar.
Paylaşım müəllifi fikirlərini belə yekunlaşdırıb: “Halal sözü reklam lövhəsinə yazılmaqla halal olmur. Halallıq hər şeydən əvvəl vicdan məsələsidir”.
Qeyd: Yazıda səsləndirilən fikirlər paylaşım müəllifinin şəxsi müşahidə və iddialarına əsaslanır. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.