Azərbaycan cəmiyyətində sözün çəkisi, böyüyə hörmət, kiçiyə qayğı, qadına, ailəyə və insan ləyaqətinə ehtiram əsrlərin sınağından keçmiş mənəvi dayaqlardır. Bu dəyərlər yalnız adət və ənənələr toplusu deyil, cəmiyyətin daxili nizamını, insanlar arasındakı etimadı və qarşılıqlı hörməti qoruyan mənəvi sipərdir.

Kütləvi auditoriya qarşısında söyüşü, təhqiri və başqasının hüququna qəsdi “cəsarət”, cinsi azlığı isə “uğur” kimi nümayiş etdirmək həmin sipəri zəiflətmək, kobudluğu nümunəyə, hüquq pozuntusunu isə fəxr predmetinə çevirmək deməkdir.

"Real Azərbaycan" xəbər verir ki, sosial şəbəkə azad söz meydanı olsa da, bu azadlıq başqasının şərəf və ləyaqətini tapdalamaq, insanları alçaltmaq və hüquqazidd əməli təbliğ etmək sərbəstliyi yaratmır. Minlərlə insanın izləyə bildiyi rəqəmsal tribunada səsləndirilən hər sözün ictimai məsuliyyəti də onun auditoriyası qədər böyükdür.

Söyüşün gündəlik ünsiyyət normasına, təhqirin əyləncə vasitəsinə, qanunsuz müdaxilənin isə nüfuz göstəricisinə çevrilməsi gənclərə və yeniyetmələrə yanlış davranış modeli təqdim edir, milli-mənəvi dəyərləri aşındırır və ictimai əxlaqın sərhədlərini kobud şəkildə pozur.

“TikTok” platformasında “Velizar” adı ilə tanınan Məmmədov Salman Sənan oğlu daha əvvəl də sosial şəbəkədə işlətdiyi söyüşlərə görə inzibati qaydada həbs edilmişdir. Lakin həbsdən çıxdıqdan sonra şəxsin islah olunmadığı, söyüş və nalayiq ifadələri fərqli və üstüörtülü şəkildə ifadə etməklə məsuliyyətdən yayınacağını düşündüyü iddia olunur.

Hər canlı yayımda qadın cinsiyyət orqanının adını fərqli formada səsləndirməsi, təşəkkür sözünü təhrif edərək qəsdən kişi cinsiyyət orqanının adını xatırladan formada ifadə etməsi və s. onun islah olunmadığının, cəmiyyətə açıq şəkildə hörmətsizlik etdiyinin, milli və mənəvi dəyərlərə, qanunlara hörmət qoymadığının göstəricisi kimi qiymətləndirilir.

Ümid edirik ki, hüquq-mühafizə orqanları tərəfindən məsələ araşdırılacaq və qanuni həllini tapacaq.