İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai rəsmi Tehranın nüvə proqramı ilə bağlı qətiyyətli açıqlama verib. "Real Azərbaycan" xəbər verir ki, o, ölkədə əldə olunan zənginləşdirilmiş nüvə materiallarının xaricə daşınmayacağını bəyan edib: "Biz zənginləşdirilmiş nüvə materialının bir zərrəsini belə İrandan çıxarmayacağıq. Rusiyalı dostlarımıza da məlumat vermişik ki, zənginləşdirilmiş materiallar İranda qalacaq və onlardan özümüz istifadə edəcəyik. Bizə atom gəmilərinin və sualtı qayıqların layihələndirilməsi üçün zənginləşdirilmiş nüvə materialı lazımdır". Bəs, İranın atom gəmilərinə sahib olması mümkündürmü və bu, İranın gücünə-güc qatacaqamı? Hərbi ekspert Rövşən Məhərrəmov bildirib ki, bu açıqlamanın siyasi və texnoloji baxımdan iki tərəfi var: “İran nüvə materiallarını ölkənin strateji sərvəti kimi təqdim edir. Tehran gələcəkdə nüvə texnologiyalarını hərbi-dəniz sahəsinə də genişləndirmək niyyətini açıq şəkildə gündəmə gətirir. Lakin bu açıqlama İranın artıq atom gəmisi inşa etmək üçün hazır texnologiyaya və istehsal imkanlarına malik olduğunu göstərmir. İranın nüvə enerjili sualtı qayıq yaratmaq niyyəti diqqətlə izlənilməli texnoloji və geosiyasi məsələdir. Əgər Tehran bu texnologiyanı mənimsəyə bilsə, İranın hərbi-dəniz qüvvələri daha uzaq məsafələrdə, daha uzun müddət fəaliyyət göstərmək imkanları əldə edə bilər. Bu, xüsusilə ABŞ-ın Fars körfəzi və Oman körfəzindəki hərbi mövcudluğu fonunda əhəmiyyətlidir. İranın atom gəmisi yaratması prinsip etibarilə mümkündür, lakin bu, qısamüddətli perspektivdə asanlıqla həyata keçirilə biləcək layihə deyil. Belə bir donanmanın yaradılması İranın regional dəniz imkanlarını genişləndirə bilər, amma ABŞ və digər böyük dəniz qüvvələri ilə texnoloji bərabərlik yaratması anlamına gəlməz. Məsələnin ən maraqlı tərəfi isə budur: İranın nüvə proqramı gələcəkdə yalnız atom elektrik stansiyaları və zənginləşdirilmiş uran məsələsi ilə deyil, həm də nüvə enerjili hərbi-dəniz donanması yaratmaq perspektivi daşıyır”.
İran atom gəmilərinə sahiblənsə...- Sensasion detallar
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai rəsmi Tehranın nüvə proqramı ilə bağlı qətiyyətli açıqlama verib...
Mənbə:
FAKTORA.az
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.