Rusiya qoşunları strateji körpülərə və energetika sisteminə endirdiyi ardıcıl zərbələrlə "Ukraynanı Dnepr çayı boyunca iki yerə bölməyə cəhd edir".
"Real Azərbaycan" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa növbəti axşam müraciətində bildirib.
Ukrayna lideri vurğulayıb ki, Rusiyanın bu hücumlardan əsas məqsədi "insanların həyatını, şəhər və kəndlərimizdəki yaşayışı maksimum dərəcədə dözülməz etməkdir".
"Financial Times" nəşrinin əldə etdiyi məlumata görə, Zelenski Rusiyanın Ukraynanı parçalamaq üçün Dnepr üzərindəki keçidləri sıradan çıxarmağa çalışdığı barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə də xəbərdarlıq edib.
Ukraynalı yüksəkrütbəli rəsminin nəşrə verdiyi məlumata görə, Kiyevin əlində olan kəşfiyyat məlumatları Rusiyanın gizli planını üzə çıxarıb.
Moskva təkcə Dnepr üzərindən nəqliyyat əlaqəsini, hərbi texnika və sursat təchizatını kəsməyi deyil, həm də elektrik enerjisinin ölkənin qərbindən şərqinə ötürülməsini tam dayandırmağı hədəfləyib. Qeyd olunur ki, sərt qış mövsümündə bu addım milyonlarla dinc sakinin dondurucu soyuqda işıqsız və istiliksiz qalması ilə nəticələnə bilər.
Xatırladaq ki, Rusiya hərbi qüvvələri Kiyevdə Dnepr çayı üzərində yerləşən strateji körpülərə zərbələr endirməkdədir.
Hücumlar və təhlükə səbəbindən körpülərin bağlanması paytaxtda saatlarla davam edən nəqliyyat kollapsına və hərəkətin tam iflic olmasına gətirib çıxarır.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.