“Real Azərbaycan” xəbər verir ki, sosial şəbəkə istifadəçisi Fuad Cəfərov “Müştəriyəm Şikayətim Var” adlı Facebook qrupunda “Kontakt Home”dən aldığı mopedlə bağlı şikayətini paylaşıb.
Fuad Cəfərovun sözlərinə görə, ona mopedi tam şarjla 80 kilometr məsafə qət edə biləcəyi bildirilsə də, nəqliyyat vasitəsi 50 kilometr belə yol gedə bilmir. Müştəri problemi aşkar etdikdən sonra, hələ 14 gün keçməmiş şirkətlə əlaqə saxlayaraq mopedin qaytarılmasını istəsə də, ona bunun mümkün olmadığı bildirilib.
Şikayətçi sonradan apardığı araşdırma zamanı dostunun da eyni model mopedi aldığını, oxşar problemlə üzləşdiyini və məhsulu geri qaytara bildiyini öyrəndiyini iddia edib.
“Mənə 80 kilometr gedəcəyi deyildi, amma 50 kilometr belə getmir. Dostum da eyni mopedi alıb eyni problemlə üzləşib, amma qaytara bilib. Bəs mənə niyə belə münasibət göstərildi? Məni aldatdılar!” – deyə müştəri narazılığını ifadə edib.
Qeyd edək ki, məsələ ilə bağlı “Kontakt Home”un mövqeyi təqdim olunarsa, onu da dərc etməyə hazırıq.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.