Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat qəbul edib.
KXCP-nin Mətbuat Xidmətindən bildirilib ki, bəyanatda deyilir:
“Əziz həmvətənlər!
Hörmətli xanımlar və cənablar!
Millətin və dövlətin tarixindəki sevincli və kədərli günləri qürurla, törələrimizə uyğun olaraq, hər zaman olduğu kimi, birlikdə qeyd etməliyik.
Vətəni, milləti və dövləti qorumaq missiyası uğrunda ilahi təyinatla canından keçən şəhidlərin ruhunu şad etmək bizim borcumuzdur.
Şəhid anaları, ataları, xanımları, qızları və oğulları!
Şəhidlərimizin qazi qardaşları!
44 günlük savaşın Anım Günündə müraciət ünvanımız sizsiniz.
Tariximizdə əbədi yaşayacaq günlərin şahidi olmaq xoşbəxtliyi bizim də taleyimizə yazıldı.
Allaha şükür etmək vəzifəmiz, şəhidlərə sayğı göstərmək isə boynumuzun borcudur. Vicdanı, imanı və şərəfi olan hər kəsin başının tacı – şəhidlərdir!
Şəhidlərə və şəhid ailələrinə sayğı, qazilərə qayğı dövlətin borcu, vətəndaşın isə vəzifəsidir.
Hörmətli həmvətənlər!
Tarixdə unudulmayacaq bu günlərin dəyərini, qiymətini və bədəlini bütün sahələrdə vicdanlı fəaliyyətimiz və əməlimizlə ödəməliyik.
Allah şəhidlərimizin qisasını almaqla ruhlarını şad etməyi bizə nəsib etsin. Allah qazilərimizə şəfa versin.
Ordumuz müzəffər, əsgərimiz qalib olsun! Bütöv Azərbaycan vətəndaşı olmaq nəsibimiz olsun!
Amin!”
KXCP Mətbuat Xidməti
Bakı, 27 sentyabr 2026-cı il.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.