“Laven Kafe”də çalışan 17 yaşlı Əliyev Rinat Elvin oğlu işlədiyi müddətdə əmək haqqının tam ödənilmədiyini bildirir.

“Real Azərbaycan” xəbər verir ki, Rinat Əliyev valideynlərinin icazəsi ilə, ailəsinin maddi vəziyyəti yaxşı olmadığı üçün Ağ Şəhərdə, 2-ci Yaşıl Ada, 3-cü Şərq küçəsində yerləşən “Laven Kafe”də aşpaz köməkçisi kimi işləyib.

Onun sözlərinə görə, 8 saatlıq iş vaxtından artıq, bəzi günlərdə isə 15-16 saat çalışıb. Rinat Əliyev iki smen işlədiyini və hər smen üçün 700 manat olmaqla ümumilikdə 1400 manat əmək haqqının nəzərdə tutulduğunu bildirir.

“Pulumu istəyəndə mənə 50-100 manat verirdilər. Dəfələrlə yazdım ki, pulumu verin, amma vermədilər. Mənə ‘sən köhnə işçisən, bizə əzizsən, kömək et’ dedilər, mən də kömək etdim.

Düşünürdüm ki, bu pulla 18 yaşımdan sonra özümə nəsə alaram, istəklərimin bir neçəsini həyata keçirərəm. Amma əmək haqqımı ala bilmədim”, – deyə Rinat Əliyev bildirib.

17 yaşlı gənc həmçinin kafedə işlədiyi müddətdə mətbəxin qida təhlükəsizliyi standartlarına uyğun olmadığını bildirib. Rinat Əliyev məsələ ilə bağlı videomüraciət də yayıb.

“Real Azərbaycan” olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.