Nəfəs adı ilə tanınan müğənni Günel Məmmədli 6 iyun 1993-cü ildə Bakıda dünyaya gəlib. Əslən Tərtər rayonundan olan ifaçı daha tez tanınmaq məqsədilə səhnə adı olaraq Nəfəsi seçib.
"Real Azərbaycan" xəbər berir ki, Müğənni cəmi 15 yaşında ailə həyatı qurub. Özündən 6 yaş böyük şəxslə evliliyi qısa müddət sonra başa çatıb. Bu evlilikdən Murad və Nuran adlı iki övladı dünyaya gəlib. Atasının istəyi ilə qurulan ailə dağıldıqdan sonra Nəfəs övladlarını özü böyütməyə qərar verib.
11 yaşından musiqi ilə məşğul olan ifaçı 2018-ci ildən populyarlıq qazanmağa başlayıb. Aqşin Fatehlə birlikdə ifa etdiyi “Yarem” mahnısı onun daha geniş auditoriya tərəfindən tanınmasına səbəb olub. Lakin sonradan aralarında yaranan münaqişə səbəbindən duet ortaqlığı bitib. Nəfəs buna səbəb kimi Aqşinin ondan xəbərsiz Vəfa Şərifova ilə duet hazırlamasını göstərib.
İfaçı Aqşinin onun məşhurlaşmasında rolunu qəbul etsə də, uğurunu öz zəhməti ilə qazandığını bildirib. “Yarem”dən sonra “Tükənmişəm”, “Ürəyim” və “Gizli eşq” mahnıları da dinləyicilər tərəfindən sevilib.
Nəfəsin sənət yolunda onu dəstəkləyənlər arasında Xalq artisti Röya Ayxan da olub. Müğənni Röyanın xoş sözlərinin ona böyük motivasiya verdiyini söyləyib.
İki övlad anası olan Nəfəs yenidən ailə qurmaq istəmədiyini açıqlayıb. O, uşaqlarının həyatına başqa bir atanın daxil olmasını arzulamadığını desə də, sevgisiz qalmaq istəmədiyini də vurğulayıb.
Müğənni aldığı bahalı mülklərlə də gündəmə gəlib. Anasına 270 min manata villa aldığını, özünün isə 250 min manatlıq bağ sahibi olduğunu bildirən ifaçı bu əmlakları şəxsi zəhməti hesabına əldə etdiyini deyib.
Boşanmasından danışan Nəfəs yaşadıqlarının onun üçün ağır sınaq olduğunu, lakin övladlarına görə mübarizə apardığını bildirib. O, uşaqlarının ataları və ata tərəfdən olan yaxınları ilə münasibətlərinin davam etməsini istədiyini də qeyd edib.
Hazırda efirlərdə daha az görünən müğənni bunun səbəblərindən biri kimi maddi məsələləri göstərir.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.