“Real Azərbaycan” saytında Xırdalan şəhərində yerləşən “Old City Coffee” kafesində 18 yaşlı xanımın gecə saatlarına qədər işlədildiyi və əməkhaqqının verilmədiyi barədə dərc olunan yazı ilə əlaqədar redaksiyamız məkanın sahibi Ayşə Həsənova ilə əlaqə saxlayıb.
Ayşə Həsənova məsələ ilə bağlı səsləndirilən fikirlərin həqiqətə uyğun olmadığını bildirərək, bunları şər və böhtan adlandırıb.
O, açıqlamasında Rəna Quluzadəyə hər zaman hörmətlə yanaşdığını, hətta əvvəlcədən vəd etdiyindən daha artıq əməkhaqqı verdiyini və onun valideynləri ilə də münasibətlərinin yaxşı olduğunu qeyd edib.
“Mən dövlətə, millətə, xalqa bağlı olan insanam. Ətrafımdakı insanlar məni ehtiyacı olan, sosial vəziyyəti ağır insanlara maddi və mənəvi dəstək göstərən bir iş adamı kimi tanıyırlar. Belə bir şəxsin 200-300 manatlıq əməkhaqqını ödəməməsi barədə deyilənlər absurddur. Mən hər zaman insanlara dəstək olmağa çalışmışam. Haqqımda bu cür fikirlərin səsləndirilməsi qəbuledilməzdir”, – deyə Ayşə Həsənova bildirib.
Məkan sahibi əlavə edib ki, adının sosial şəbəkələrdə və müxtəlif saytlarda həqiqətə uyğun olmayan məlumatlarla hallandırılması onun nüfuzuna xələl gətirir.
Ayşə Həsənova məsələ ilə bağlı hüquqi addımlar atacağını və hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib.
O, haqqındakı məlumatlarla bağlı qanun çərçivəsində mübarizə aparacağını və məsələnin hüquqi müstəvidə həllinə çalışacağını vurğulayıb.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.