Öz dilində məktəbi olmayan İran Azərbaycana hansı haqla təhsil dərsi keçir?
İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərraf Azərbaycanlı qızları İranda təhsil almağa dəvət edib. O, İran universitetlərinin azərbaycanlı qızların təhsilinə açıq olduğunu bildirib.
Bu açıqlama Azərbaycanın təhsil siyasətinə müdaxilə kimi qiymətləndirilib. Azərbaycan Elm və Təhsil Nazirliyi İran rəsmilərinə öz ölkələrinin problemləri ilə məşğul olmağı tövsiyə edib və bildirib ki, İranda Azərbaycan dilində tədris aparılan məktəb yoxdur, ali təhsil müəssisələrində də Azərbaycan dilində tədris həyata keçirilmir.
Burada isə çox sadə bir sual yaranır:
İrandan Azərbaycandan dəvət olunan qızlara hansı dildə təhsil veriləcək?
İranın Konstitusiyasının 15-ci maddəsində regional və etnik dillərin mediada istifadəsinə, eləcə də həmin dillərin ədəbiyyatının məktəblərdə tədrisinə icazə verilir. Lakin maddə bütün fənlərin ana dilində tədrisinə birbaşa təminat vermir.
Azərbaycan Elm və Təhsil Nazirliyinin açıqlamasına görə, İran əhalisinin təxminən 40 milyonu etnik azərbaycanlıdır və onların ana dilində təhsil hüququ ilə bağlı məsələ uzun illərdir müzakirə olunur.
Ona görə də sual təkcə azərbaycanlı qızların İrana dəvət olunması deyil.
Əsas sual budur: İran öz ölkəsində yaşayan azərbaycanlı uşaqlara doğma dillərində məktəbin qapısını nə vaxt açacaq?
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.