Payızın gəlişi ilə havalar soyuyur, temperaturun tez-tez dəyişməsi isə respirator infeksiyaların yayılması üçün əlverişli şərait yaradır. Qrip, soyuqdəymə və digər virus infeksiyalarının artdığı bu dövrdə xüsusilə asqıran, öskürən və xəstəlik əlamətləri olan şəxslərin ətrafdakılarla təmas zamanı diqqətli olması vacibdir.
Bəs virusların yayılmasının qarşısını almaq üçün maskadan necə istifadə edilməlidir və soyuq aylarda orqanizmin müqavimətini qorumaq üçün nələrə diqqət etmək lazımdır?
Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla Patrul.az-a açıqlamasında payız-qış aylarında respirator infeksiyalardan qorunma yollarından danışıb.
Həkim bildirib ki, fəsil dəyişikliyi, xüsusilə payız aylarında havaların soyuması soyuqdəymə və respirator xəstəliklərin yayılması üçün əlverişli şərait yarada bilər:
“Ümumiyyətlə, fəsil dəyişikliyi, xüsusilə payız ayları soyuqdəymə xəstəlikləri üçün əlverişli şərait yaradır. İlk növbədə insanlar dəyişən temperatur şəraitinə uyğun geyim seçə bilmirlər. Bəzən isə buna səhlənkar yanaşırlar. Havanın tez-tez dəyişməsi, kondisionerdən həddindən artıq istifadə və “skvoznyak” adlandırdığımız yelçəkən yerlərdə oturmaq da soyuqdəymə hallarının artmasına səbəb ola bilər. Bütün bunlar orqanizmin müqavimətinin zəifləməsi fonunda virusların fəallaşmasına şərait yarada bilər”.
Xəstə şəxslər maskadan istifadə etməlidir
Adil Qeybulla qeyd edib ki, soyuqdəymə əlamətləri olan, asqıran və ya öskürən şəxslər ətrafdakılar üçün də yoluxma riski yaradır:
“Belə şəxslərin imkan daxilində işə çıxmaması məqsədəuyğundur. Əgər işə getmələri zəruridirsə, maskadan istifadə etməlidirlər. Maska ağız və burnu tam şəkildə örtməli və mütəmadi olaraq dəyişdirilməlidir. Maskadan istifadə həm xəstə şəxsin ətrafındakı insanları qoruması, həm də infeksiyanın yayılmasının qarşısının alınması baxımından vacibdir”, – həkim vurğulayıb.
“Maskanı düzgün taxmamaq qoruyuculuğu azaldır”
Həkim COVID-19 pandemiyası zamanı da insanların maskadan düzgün istifadə etmədiyini xatırladıb:
“Pandemiya dövründə də müşahidə etdik ki, insanlar maskadan düzgün istifadə etmirdilər. Bəziləri burnu açıq şəkildə maska taxır, bəziləri isə maskaya tez-tez toxunur və onu vaxtında dəyişdirmirdi. Bu cür yanaşma maskanın qoruyucu effektivliyini azaldır. Maska düzgün istifadə edildikdə yoluxmaların qarşısının alınmasına əhəmiyyətli töhfə verə bilər”.
Bir nəfərin yoluxması ailə və kollektivə təsir edə bilər
A. Qeybulla bildirib ki, xəstə şəxsin kollektivə getməsi qısa müddətdə yoluxma zəncirinin yaranmasına səbəb ola bilər:
“Təsəvvür edək ki, xəstə bir insan kollektivə gəlir və bir neçə nəfəri yoluxdurur. Həmin şəxslər daha sonra evlərinə gedərək ailə üzvlərinə də virus ötürə bilərlər. Beləliklə, qısa müddət ərzində daha geniş ərazidə yoluxma zənciri yarana bilər. Bunun qarşısını almaq mümkündür. Bunun üçün xəstəliklərə və qorunma tədbirlərinə düzgün yanaşmaq lazımdır”.
Sağlam qidalanma və fiziki aktivlik də vacibdir
Həkim soyuq aylarda sağlam və balanslı qidalanmanın da əhəmiyyətini vurğulayıb:
“Daha çox meyvə və tərəvəz qəbul etmək, vitamin və minerallarla zəngin qidalarla qidalanmaq, açıq havada gəzmək və fiziki aktivliyi artırmaq orqanizmin ümumi sağlamlığının qorunmasına kömək edir”.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.