"Real Azərbaycan" xəbər verir ki, Sabirabad Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində rayon rəhbərinin müxtəlif yaşayış məntəqələrində vətəndaşlarla görüşlər keçirdiyi barədə məlumatlar yer alır.

Lakin hər hansı kəndin qazlaşdırılması ilə bağlı məlumatlara rast gəlmək mümkün olmayıb. Görünən odur ki, rayonun 10-dan çox kəndinə hələ də qaz xətləri çəkilməyib.

Bəs kəndlər nə vaxt qazlaşdırılacaq?

Redaksiyamız bu sualla “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyevə müraciət etsə də, heç bir cavab ala bilməyib.

Qurumun nümayəndəsi ilə telefon əlaqəsi yaratmaq cəhdləri də nəticəsiz qalıb.

Maraqlıdır ki, sosial şəbəkələrdə də vətəndaşlar qurumun müraciətlərə cavab verməməsindən və əks-əlaqənin zəif olmasından şikayətlənirlər.

Bu isə “Azəriqaz” İstehsalat Birliyində ictimaiyyət və kütləvi informasiya vasitələri ilə əlaqələrin nə dərəcədə effektiv qurulduğu barədə ciddi suallar yaradır.

Sabirabad sakinləri isə bütün bunlara baxmayaraq, qarşıdan gələn növbəti qışı ümidlə gözləyirlər.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq