Musavat.com-un redaksiyasına müraciət edən 42 yaşlı Xəyal Əsədov deputat Fəzail İbrahimli ilə bağlı başına gəldiyini iddia etdiyi hadisə barədə danışıb.

Dörd uşaq atası olduğunu deyən və küçə ticarəti ilə ailəsini dolandırdığını bildirən şikayətçi hadisədən sonra iş yerindən olduğunu, ailəsinin maddi və mənəvi çətinliklə üzləşdiyini söyləyib

Onun sözlərinə görə, hadisə avqustun 3-də Yeni Yasamal ərazisində fəaliyyət göstərdiyi meyvə-tərəvəz satış nöqtəsində baş verib.

Satıcı bildirib ki, həmin gün yaşlı bir kişi ona yaxınlaşaraq qarpız almaq istəyib. Xəyal Əsədovun sözlərinə görə, qarpızlardan birini kəsib, giləmeyvə ağ çıxıb. Daha sonra digər qarpızı kəsərək alıcıya göstərib.

X. Əsədov iddia edir ki, həmin şəxs ondan kim olduğunu bildiyini soruşub. O isə qarşısındakı şəxsin kimliyindən xəbərsiz olduğunu və söhbət zamanı kobud ifadə işlətmədiyini bildirir.

“Dedim ki, ay ağsaqqal, kimsən axı? Nə xox gəlirsən mənə? Dövlət vəzifəlisi də olsan, adi vətəndaşsan, yaxınlaşmısan məndən qarpız alırsan. Sən qarpız alansan, mən də qarpız satan. İsti hava idi, yorğun idim, borc-xərc içində olan adamam. Ola bilsin, danışığım bir qədər kobud çıxıb. Amma nalayiq söz və ya ifadə işlətməmişəm”, – deyə şikayətçi bildirib.

Onun sözlərinə görə, hadisə zamanı yaxınlıqda olan taksi sürücüsü də söhbətin şahidi olub. Əsədovun iddiasına görə, qarşı tərəf daha sonra polisə müraciət edib və onun barəsində şikayət verilib.

“15 dəqiqə keçmədi, Yasamal ərazisindən çox sayda polis əməkdaşı gəldi. Məni apardılar. Orada bildim ki, həmin şəxs deputat Fəzail İbrahimlidir. Mən onu həqiqətən tanımamışdım”, – deyə Xəyal Əsədov bildirib.

Şikayətçi deyir ki, polisə aparılarkən qarpız kəsmək üçün istifadə etdiyi bıçaq da götürülüb. Onun sözlərinə görə, deputatın özünü bıçaqla hədələdiyini bildirməsindən sonra məsələ araşdırılıb. Onun iddiasına görə, hadisə yerinə aid təhlükəsizlik kamerasının görüntülərinə baxıldıqdan sonra onun qarşı tərəfə bıçaqla hədə-qorxu gəlmədiyi müəyyənləşib.

“Bölmə rəisi və digər əməkdaşlar kameraya baxdılar. Gördülər ki, mən bıçaqla heç kimə hədə-qorxu gəlməmişəm. Sadəcə qarpızı kəsmişəm, sonra da bıçağı kənara qoymuşam. Səhəri gün məni buraxdılar və 50 manat cərimə olundum”, – deyə o bildirib

Əsədov həmin mərhələdə polis əməkdaşlarının kamera görüntülərini araşdırmasını müsbət qiymətləndirib:

“Azərbaycan polisinə həqiqətən güvənməyinə dəyər. Başqa halda kamera görüntüsünü araşdırmaya da bilərdilər. Amma gəlib yerində kameraya baxdılar və gördülər ki, mən cinayət xarakterli hərəkət etməmişəm”.

Lakin şikayətçinin sözlərinə görə, əsas problem bundan sonra başlayıb. O iddia edir ki, hadisədən sonra işlədiyi satış yeri sökülüb və hazırda ailəsini dolandırmaq üçün əvvəlki imkanından məhrum olub.

“Gəldim gördüm ki, yerimi sökürlər. Mən iki aydır zülm, əziyyət çəkirəm. Çörəyimdən olmuşam. Küçənin qırağında, səkinin kənarında alver edib dörd bala böyüdürəm”, – deyə Əsədov bildirib.