İş adamı və xeyriyyəçi Mahirə Əsədovadan Prezidentə və Birinci vitse-prezidentə videomüraciət – “Sonar Farm”la bağlı araşdırma tələb olunur
İş adamı və xeyriyyəçi Mahirə Əsədova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya videomüraciət ünvanlayıb.
Mahirə Əsədova müraciətində uzun illər sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, 27 il ərzində əldə etdiyi vəsaiti 2019-cu ildə “Sonar Farm” dərman şirkətinin yaradılması və inkişafına yatırdığını bildirib.
Sahibkar qeyd edib ki, dövlət rəhbərliyinin sahibkarlara göstərdiyi dəstək və yaratdığı imkanlardan ilhamlanaraq müxtəlif xeyriyyə layihələrində iştirak edib. Onun sözlərinə görə, 1,8 milyon manat dəyərində dərman vasitələrini dövlətə ianə edib. Bundan başqa, Ağdam rayonunun 5 kəndində artezian quyuları qazdıraraq 1000-ə yaxın evin su ilə təmin olunmasına dəstək göstərib.
M.Əsədova müraciətində “Sonar Farm” şirkəti ətrafında yaranmış vəziyyətlə bağlı ciddi narazılığını ifadə edib. Onun sözlərinə görə, bir müddət əvvəl Robert Əyyubov müxtəlif qanunsuz yollarla şirkəti onun iradəsindən kənar ələ keçirib.
Sahibkar bildirib ki, məsələ ilə bağlı Binəqədi Rayon Polis İdarəsində və Bakı Şəhər Prokurorluğunda araşdırmalar davam etdirilir. O, şirkətlə bağlı yaranmış vəziyyətin tam, obyektiv və qanun çərçivəsində araşdırılmasının vacibliyini vurğulayıb.
Mahirə Əsədovanın sözlərinə görə, “Sonar Farm” şirkəti yaradılarkən iş adamı Elnur İsgəndərovla şərikli fəaliyyətə başlayıblar. Həmin vaxt onların birgə qərarı ilə şirkət Elnur İsgəndərovun xalası oğlu Saqil Hacıyevin adına rəsmiləşdirilib.
Sahibkarın iddiasına görə, 2025-ci ildə Elnur İsgəndərovun həbsindən sonra şirkətlə bağlı vəziyyət dəyişib. M.Əsədova bildirib ki, vəkil Əziz Qənbərli rəsmi müdafiəçi olmamasına və məsələyə aidiyyəti olmadığını düşündüyü halda müəyyən əlaqələrindən istifadə edərək cəzaçəkmə müəssisəsində Elnur İsgəndərovla görüşüb.
M.Əsədovanın iddiasına görə, həmin görüş zamanı Elnur İsgəndərova təzyiq göstərilərək şirkətin Robert Əyyubovun adına keçirilməsi tələb olunub.
Sahibkar müraciətində məsələ ilə bağlı belə deyib:
“İlk öncə şirkətə aid olan 1 milyon 200 min manat vəsaitin guya hansısa hüquq-mühafizə orqanında hansısa işin həll edilməsi üçün şirkətin kassasından çıxarıldığını bildirdilər. Bundan sonra Elnura hədə-qorxu gələrək şirkətin Robertin adına keçirilməsini tələb etdilər. Elnur İsgəndərov əvvəlcə bununla razılaşmayıb. Lakin sonradan şantajlar və cəzaçəkmə müəssisəsində bəzi şəxslərin təzyiqi nəticəsində psixoloji təzyiq altında razılaşmağa məcbur olub”.
M.Əsədova bildirib ki, Elnur İsgəndərov Yaşar adlı şəxsin vasitəsilə xalası oğlu Saqil Hacıyevə xəbər göndərərək şirkətin Robert Əyyubovun adına rəsmiləşdirilməsinə sənədlə razılıq verməsini istəyib. Onun sözlərinə görə, nəticədə 300 min manatlıq müqavilə əsasında şirkət bir şəxsin adından digərinin adına keçirilib.
İş adamının iddiasına görə, bazar dəyəri təxminən 20-21 milyon manat olduğu bildirilən şirkətin 300 min manat məbləğində alqı-satqı predmetinə çevrilməsi ciddi suallar doğurur.
M.Əsədova şirkətdəki payının və mülkiyyət hüquqlarının pozulduğunu, prosesdən xəbərsiz saxlanıldığını bildirir.
Qeyd edək ki, “Sonar Farm” ətrafında yaranmış vəziyyətlə bağlı daha əvvəl də müxtəlif media materialları yayımlanıb. Həmin məlumatlarda şirkətin pay sahiblərinin iradəsindən kənar və təzyiq yolu ilə başqa şəxsin adına keçirildiyi barədə iddialar səsləndirilib. İddialarla bağlı hüquq-mühafizə orqanlarına müraciətlərin edildiyi və müxtəlif sənədlərin təqdim olunduğu da bildirilib.
Mahirə Əsədovanın sözlərinə görə, son bir ildən artıq müddətdə məsələ ilə bağlı müxtəlif dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına çoxsaylı müraciətlər ünvanlanıb. Sahibkar bildirib ki, müəyyən araşdırmalar aparılsa da, problemin onun gözləntisinə uyğun şəkildə tam həll olunmadığını düşündüyü üçün məsələni ölkə rəhbərliyinin diqqətinə çatdırmaq qərarına gəlib.
O, aidiyyəti dövlət qurumlarından məsələnin hərtərəfli araşdırılmasını, təqdim etdiyi sənəd və sübutlara hüquqi qiymət verilməsini, qanun pozuntusu müəyyən ediləcəyi təqdirdə isə müvafiq tədbirlərin görülməsini xahiş edib.
M.Əsədova vurğulayıb ki, müraciətinin əsas məqsədi məsələnin ictimailəşdirilməsi deyil, yaranmış problemin qanuni və obyektiv şəkildə həll edilməsidir.
Sahibkar Prezident İlham Əliyevdən və Birinci vitse-prezident Mehriban Əliyevadan məsələyə diqqət göstərilməsini və aidiyyəti dövlət qurumları tərəfindən araşdırmanın təmin olunmasını xahiş edib.
Qeyd: “Sonar Farm” ətrafında səsləndirilən iddiaların hüquqi baxımdan yekun qiyməti yalnız səlahiyyətli dövlət orqanlarının araşdırması və məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilə bilər.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.