27 sentyabr 2020-ci il Azərbaycan tarixinin yalnız bir müharibənin başlanğıc tarixi kimi qiymətləndirilməməlidir. Bu tarix uzun illər ərzində formalaşmış siyasi iradənin, diplomatik fəaliyyətin, ordu quruculuğunun, milli həmrəyliyin və tarixi yaddaşın bir nöqtədə birləşdiyi gün kimi yadda qaldı.
Otuz ilə yaxın davam edən Qarabağın erməni terror dəstələri tərəfindən işğalı Azərbaycan cəmiyyətinin siyasi yaddaşında yalnız ərazi itkisi kimi deyil, həm də yarımçıq qalmış, tamamlanmamış milli məsələ kimi yaşayırdı. 2020-ci ilin sentyabrında başlayan İkinci Qarabağ müharibəsi isə bu uzun mərhələnin hərbi-siyasi nəticəsini ortaya qoydu. Qırx dörd gün davam edən müharibədən sonra Azərbaycan ərazi bütövlüyünün böyük hissəsini igidlərinin rəşadəti və Ali Baş komandanın müdrik rəhbərliyi sayəsində döyüş meydanında bərpa etdi. 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirlərindən sonra isə dövlət suverenliyinin bütün ölkə ərazisində bərpa edildiyini elan edildi. Azərbaycan Prezidenti tərəfindən 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis edilməsi də həmin tarixi mərhələnin siyasi-hüquqi ifadələrindən biri oldu. Lakin bu nəticəni yalnız 44 günün hadisələri ilə izah etmək mümkün deyil.
Hər bir müharibənin görünən başlanğıcından əvvəl görünməyən uzun bir hazırlıq mərhələsi olur. Azərbaycanın 2020-ci il Zəfərinə aparan yolun mühüm istiqamətlərindən biri də diplomatik və beynəlxalq siyasi fəaliyyət idi. Azərbaycan 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü oldu. Bu, 155 dövlətin səsi ilə əldə edilmiş nəticə idi. Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyü və 2019-2023-cü illərdə bu quruma sədrlik etməsi də ölkənin beynəlxalq diplomatik imkanlarının genişləndiyi mərhələlərdən biri idi. Bakı sammitində 120 BMT üzv dövlətinin və 42 beynəlxalq təşkilatın yüksək səviyyəli nümayəndələrinin iştirakı Azərbaycanın çoxtərəfli diplomatiyadakı mövqeyini göstərən faktlardan biri oldu.
Bununla yanaşı, Azərbaycan-Türkiyə münasibətləri də tarixi-strateji müstəviyə yüksəldi. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə qaldırılmasının siyasi-hüquqi sənədlərindən biri oldu. Beləliklə, 2020-ci ilin sentyabrına gəlib çıxan Azərbaycan artıq yalnız münaqişə tərəfi kimi deyil, beynəlxalq təşkilatlarda müəyyən diplomatik təcrübə toplamış, regional əlaqələrini genişləndirmiş və öz hərbi potensialını gücləndirmiş dövlət kimi çıxış edirdi.
27 sentyabr 2020-ci ildə hərbi əməliyyatların başlaması ilə Azərbaycan tarixinin yeni səhifəsi açıldı. Azərbaycanın rəsmi mövqeyinə görə, həmin gün Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərinə və yaşayış məntəqələrinə hücumundan sonra Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Həmin gün Prezident İlham Əliyevin xalqa müraciəti ilə də müharibənin siyasi çərçivəsi ictimaiyyətə təqdim edildi. Sonrakı 44 gün Azərbaycan hərb tarixinin ən mühüm səhifələrindən birinə çevrildi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və digər yaşayış məntəqələrinin azad edilməsi, nəhayət, 8 noyabrda Şuşanın azad olunması müharibənin əsas dönüş nöqtələrini təşkil etdi. Azərbaycan Prezidentinin rəsmi tarixçəsində 44 günlük hərbi əməliyyatların nəticəsində bu ərazilərin azad edildiyi qeyd olunur. Şuşa isə bu ardıcıllıqda yalnız hərbi baxımdan mühüm şəhər deyildi. Şuşa Azərbaycanın mədəni yaddaşında musiqinin, poeziyanın, muğamın, teatrın və ümumən milli mədəniyyətin simvollarından biridir. Buna görə də Şuşanın azad edilməsi Azərbaycan cəmiyyətində hərbi hadisədən daha geniş - tarixi və mədəni məna daşıyan hadisə kimi qəbul edildi. 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat isə müharibənin dayandırılması və regionda yeni mərhələnin başlanması üçün əsas sənədlərdən biri oldu. Zəfər yalnız cəbhədə qazanılmadı. 2020-ci ilin əsas nəticələrindən biri də Azərbaycan cəmiyyətində yaranan həmrəylik idi. Müharibə günlərində dövlət, ordu və cəmiyyət arasında görünən siyasi-ictimai səfərbərlik formalaşdı. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların reaksiyası da bu prosesin mühüm hissəsinə çevrildi.
44 günlük müharibə zamanı xaricdə yaşayan azərbaycanlılar müxtəlif formalarda Azərbaycana, orduya, şəhid ailələrinə və qazilərə dəstək göstərdilər. Məsələn, yalnız Rusiyada yaşayan soydaşlar tərəfindən müharibə dövründə 1,6 milyon manat həcmində maddi dəstək göstərilmişdi. Bu faktın əhəmiyyəti yalnız maddi yardımın miqyasında deyil. 2020-ci il Azərbaycan diasporu üçün də bir sınaq oldu. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar informasiya, ictimai diplomatiya, nümayişlər, humanitar yardım və digər vasitələrlə öz mövqelərini ifadə etdilər. Beləliklə, "Azərbaycanlı" anlayışı yalnız Azərbaycan Respublikasının coğrafi sərhədləri daxilində yaşayan insanları deyil, dünyanın müxtəlif ölkələrinə yayılmış böyük bir tarixi-mədəni icmanı ifadə edən daha geniş sosial reallıq kimi görünməyə başladı.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.