"Unibank" ASC-nin "Ucard" məhsulundan istifadə edən vətəndaş kart hesabına vəsait köçürülməsi zamanı yaranan çətinliklərdən və əlavə tutulan komissiya haqlarından şikayətlənib.

“Real Azərbaycan” xəbər verir ki, sosial şəbəkələrdə paylaşım edən müştərinin sözlərinə görə, o, əvvəllər "Card to card" xidməti vasitəsilə köçürdüyü 100 manat məbləğində vəsaitin avtomatik olaraq kredit hesabına yönəldiyini bildirib. Lakin cari ayda analoji əməliyyat zamanı məbləğ kredit hesabı əvəzinə kart hesabında əks olunub və dəfələrlə cəhd edilməsinə baxmayaraq, vəsaiti birbaşa kredit borcunun ödənilməsinə yönəltmək mümkün olmayıb.

Müştəri məcbur qalaraq nağd pul çıxarışı etdiyini və ödənişi terminal vasitəsilə həyata keçirdiyini, bu zaman isə 1.50 AZN məbləğində əlavə komissiya tutulduğunu qeyd edib. Vətəndaş yaranmış sistem dəyişikliyinin əlavə komissiya almaq məqsədi daşıdığını iddia edərək, məsələyə aydınlıq gətirilməyəcəyi təqdirdə kartı ləğv edəcəyini vurğulayıb.