Yasamal rayonunda yerləşən Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbdə təhsil alan şagirdlərin valideynləri dərs yükü, uzun dərs saatları və məktəbdəki sanitar şəraitlə bağlı narazılıqlarını bildiriblər.
“Real Azərbaycan” a müraciət edən valideynlərin sözlərinə görə, bəzi siniflərdə şagirdlər gün ərzində uzun müddət məktəbdə qalırlar və bu vəziyyət uşaqların həm fiziki, həm də psixoloji yorğunluğuna səbəb olur.
Xüsusilə məktəbin 7Z sinfində təhsil alan şagirdlərdən birinin valideyni bildirib ki, dərslər səhər saat 08:00-da başlayır və 16:00-da başa çatır.
Valideyn deyir ki, uşaqların məktəbə vaxtında çatması üçün səhər çox erkən yuxudan qalxması lazım gəlir:
“Biz təhsilin əleyhinə deyilik. Əksinə, övladlarımızın yaxşı təhsil almasını istəyirik. Amma uşaq səhər saat 05:00-da yuxudan qalxır. Yolun tıxacını nəzərə alaraq səhər yeməyini yeyib hazırlaşır və saat 06:00-da evdən çıxır ki, dərsə vaxtında çatsın. Dərs saat 16:00-da bitir. Bundan sonra isə uşağın 3-4 saat müəllim yanında hazırlığı olur. Evə axşam saat 20:00-21:00 radələrində çatır. Uşaq yatana qədər gecə olur”.
Valideynlərin sözlərinə görə, məktəbdə sanitar qovşaqların vəziyyəti də narazılıq doğurur. Onlar sanitar qovşaqların vəziyyətini “dözülməz” kimi qiymətləndirir və bildirirlər ki, bəzi uşaqlar bu səbəbdən ehtiyaclarını ödəmək üçün məktəbdən kənardakı obyektlərdən istifadə etməyə, hətta bəzən taksi ilə evə getməyə məcbur qalırlar
Valideynlər həmçinin dərs yükünün uşaqlar üçün həddindən artıq olduğunu düşünürlər. Onların sözlərinə görə, ingilis dili, alman dili və digər xarici dillərlə yanaşı, çoxsaylı fənlərin tədrisi uşaqların üzərinə ciddi yük qoyur.
“Uşaqlar artıq əsəbi olurlar, psixoloji vəziyyətləri yaxşı deyil. 12-13 yaşlı uşaq səhər tezdən axşama qədər dərs oxuyub, daha sonra hazırlığa gedirsə, onun istirahətinə və normal yuxusuna nə vaxt qalır?” – deyə valideynlər sual edirlər.
Valideynlər hesab edirlər ki, təhsilin keyfiyyəti ilə yanaşı, şagirdlərin fiziki və psixoloji rahatlığı, istirahəti və normal inkişafı da nəzərə alınmalıdır.
“Uşaqlar robot deyil ki, səhər tezdən axşama qədər fasiləsiz dərs və hazırlıqla məşğul olsunlar. Biz təhsilin əleyhinə deyilik. Sadəcə olaraq uşaqlarımızın sağlamlığının da nəzərə alınmasını istəyirik”, – deyə valideynlər bildiriblər.
Valideynlər Elm və Təhsil naziri Emin Əmrullayevə müraciət edərək məktəbdə dərs cədvəlinin, şagirdlərin gündəlik dərs yükünün və sanitar qovşaqların vəziyyətinin araşdırılmasını xahiş ediblər.
Onlar dərs saatlarının müəyyən edilmiş normativ tələblərə uyğun olub-olmamasının yoxlanılmasını və qeyd etdikləri problemlərlə bağlı müvafiq tədbirlərin görülməsini istəyirlər.
“Real Azərbaycan” olaraq məsələnin digər tərəfinin – 18 nömrəli tam orta məktəb rəhbərliyinin və Elm və Təhsil Nazirliyinin mövqeyini dərc etməyə hazırıq.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.