Onlarla İsrail qırıcı təyyarəsi İran sərhədinə doğru hərəkət edib. Bu barədə "Axios" məlumat yayıb. İsrail bu addımın düşməni çəkindirməyə yönəlmiş hərbi təlimlər çərçivəsində atıldığını bildirib. Lakin bəzi amerikalı rəsmilər İsrailin qəsdən İranı İsrail təyyarələrinə atəş açmağa təhrik etməyə çalışdığından şübhələniblər. Bu isə potensial olaraq İrana qarşı zərbələrin yenidən başlanmasına bəraət qazandırmaq üçün istifadə oluna bilərdi. Bu əməliyyat İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampı İrana qarşı yeni zərbə endirmək imkanını nəzərdən keçirməyə çağırdığı barədə məlumatlardan sonra baş verib.
Bu məlumatlar nə qədər ciddi görünür? Aralıq seçkilərindən sonra yeni müharibə başlana bilərmi?
Hərbi ekspert Səxavət Məmməd bildirib ki, beynəlxalq media vasitələrində yer alan kəşfiyyat sızmaları regionun təkcə psixoloji müharibə deyil, həm də birbaşa genişmiqyaslı hərbi toqquşmanın astanasında olduğunu göstərir: "İsrail Hərbi Hava Qüvvələrinə məxsus onlarla qırıcı və havada yanacaqdolduran təyyarənin Suriya və İraqın hava məkanından istifadə edərək bilavasitə İran sərhədlərinə doğru genişmiqyaslı manevr etməsi bu eskalasiyanın ən diqqətçəkən addımlarından biridir. Təl-Əviv bu hərəkətin düşməni çəkindirməyə yönəlmiş hərbi təlim olduğunu bildirsə də, ABŞ rəsmiləri və analitikləri İsrailin qəsdən İranın hava hücumundan müdafiə sistemlərini təhrik etməyə və təyyarələrə atəş açılmasına zəmin yaratmağa çalışdığından şübhələnirlər. Tehranın belə bir reaksiyası İsrailə İrandakı strateji obyektlərə yenidən cavab zərbəsi endirmək üçün hüquqi və hərbi bəhanə qazandıra bilərdi. Bu hərbi manevrlərlə paralel olaraq, Fars körfəzi ölkələrindəki diplomatik korpusların və səfirlik personalının təxliyə edilməsi ilə bağlı iddialar vəziyyətin ciddiliyini daha da artırır”.
Onun sözlərinə görə, ABŞ və bəzi Qərb dövlətlərinin Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, İraqdakı diplomatik nümayəndəliklərindən vacib olmayan heyəti çıxarması kəşfiyyat orqanlarının potensial cavab zərbələri riskini yüksək qiymətləndirdiyini göstərir: “Çünki İsrailin ehtimal olunan zərbəsinə qarşı İranın regiondakı ABŞ bazalarını, hərbi-logistik obyektləri və diplomatik binaları hədəfə alması gözləniləndir. Diplomatik heyətin azaldılması isə müharibə ərəfəsində atılan klassik önləyici təhlükəsizlik addımı hesab olunur".
Hərbi ekspert deyib ki, Vaşinqton Təl-Əvivə təzyiq göstərərək bu hücumdan çəkindirməyə müvəffəq olub: "Ağ Ev yaxşı dərk edir ki, genişmiqyaslı müharibə Fars körfəzində neft nəqlini və Hörmüz boğazını iflic edərək qlobal iqtisadiyyata kəskin mənfi təsir göstərə, eyni zamanda regionda yerləşən minlərlə amerikalı hərbçini İranın raket və dron zərbələri üçün açıq hədəfə çevirə bilər. Digər tərəfdən, İsraildə ciddi fikir ayrılıqları mövcuddur; Netanyahu İrana qarşı sərt mövqedən daxili siyasi reytinqini möhkəmləndirmək üçün istifadə etdiyi halda, İsrail Müdafiə Qüvvələrinin hərbi rəhbərliyi strateji hazırlıqlar tam başa çatmadan və Vaşinqtonun tam dəstəyi olmadan atılan təhrikedici addımları həddindən artıq riskli sayır. Bütün bu gəlişmələr fonunda, aralıq seçkilərindən sonra regionda genişmiqyaslı yeni müharibənin başlanması ehtimalı son dərəcə yüksək olaraq qalır”.
Cavanşir Abbaslı
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.